Özəl bankçılığın əsası 18-ci əsrdə İsveçrə maliyyə sisteminə daxil olan bankların zəngin ailələrin aktivlərini idarə etdiyi dövrdə qoyulub. Əsas diqqət təbii ki, özəl banklar və onların müştəriləri arasında inam üzərində formalaşmış uzunmüddətli işgüzar münasibətlərin qurulması, o cümlədən bu sahənin mühüm meyarları olan yüksək səviyyəli xidmətin təmin edilməsinə yönəlmişdi.

Zaman ötdükcə özəl bankçılıq dünyanın müxtəlif nöqtələrinə yayıldı və bu gün də artmaqdadır. Ölkəmizin davamlı iqtisadi inkişafı maliyyə aktivlərinin uzunmüddətli idarə olunması və qorunmasına ehtiyac yaradır. Bu, özəl bankçılığın Azərbaycanda da sürətlə inkişafına təkan verir.

PAŞA Bank 2007-ci ildə təsis edilib və 3 il sonra ümumdünya təcrübəsinə uyğun olan özəl bankçılıq xidmətini təsis edib. Həmin andan "PAŞA Private Banking" özəl bankçılıq üzrə Azərbaycanda liderdir.